|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya
Fakültəsinin - İnsan və heyvan fiziologiyası Kafedrasının Web
Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya Fakültəsi
- İnsan və heyvan fiziologiyası Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!"
deyirəm.
Biologiya Fakültəsi - İnsan və heyvan fiziologiyası Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir.
Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları biology_physiology@aspu.az
elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Biologiya Fakültəsi - İnsan və heyvan fiziologiyası Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji
təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası
üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Biologiya Fakültəsi - İnsan və heyvan fiziologiyası Kafedrasının Müdiri,
biologiya elmləri doktoru, prof. Ə.N.Fərəcov
|
|
|
|
|
UNİVERSİTETİN BİOLOGİYA FAKÜLTƏSİ - İnsan və heyvan fiziologiyası Kafedrası
Kafedra 1930-cu ildə yaradılmışdır.
Kafedranın müdiri vəzifəsinə həmin vaxtda dos.A.A.Əmirov seçilmişdir. A.Əmirovun
(1889-1939) vəfatından sonra kafedraya elmlər doktoru, prof. S.R.Ocaqverdizadə başçılıq
etmişdir.
1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fiziologiya kafedrası Azərbaycan
Dövlət Universitetinin eyniadlı kafedrası ilə birləşdirilmişdir. O zaman kafedraya
akademik A.İ.Qarayev rəhbərlik etmişdir.
1951-ci ildə fiziologiya kafedrası yenidən bərpa olunmuş və kafedraya biologiya
elmləri namizədi, dos. Tələt Qayıbov müdir seçilmişdir. O, 1961-ci ildə Moskvada
Piroqov adına Tibb İnstitutunda «Qan köçürmənin retsipientin orqanizminə təsiri
və funksional irəliləyiş» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1962-ci
ildə professor elmi adına layiq görülmüşdür.
T.Qayıbovun rəhbərliyi ilə o vaxt fiziologiya kafedrasının nəzdində ilk dəfə olaraq
«İonlaşdırıcı şüalanmanın postnatal entogenezdə orqanizmin rezistentliyinə təsiri»
adlı elmi-tədqiqat problem laboratoriyası yaradılmışdır. Laboratoriyada orta-letal
rentgen şüalanmasının müxtəlif növ heyvanlarda toxuma səviyyəsində gedən metabolizm
proseslərinə təsiri tədqiq olunmuşdur.
Prof. T.Qayıbovun rəhbərliyi ilə 1970-ci illərin əvvəllərində ancaq kafedra əməkdaşlarından
8 nəfəri namizədlik dissertasiyası müdafiə etmişdir.
Ekoloji fiziologiya sahəsində yalnız Azərbayjanda deyil, o vaxtkı İttifaq fizioloqları
arasında xüsusi elmi nüfuzu olan Roza Qafarova 1967-ci ildə Azərbaycan Respublikası
Milli Elmlər Akademiyasının «Biologiya bölməsinin» İxtisaslaşdırılmış Elmi Şurasında
«Bakı şəhərinin isti mühiti şəraitində və mövsümlə əlaqədar dəridə gedən dəyişikliklər»
mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Prof. R.Qafarova dəfələrlə ölkə fizioloqlarının qurultay, simpozium və müşafirələrində,
beynəlxalq elmi forumlarda Azərbaycan fiziologiya elminin nüfuzunu nümayiş etdirmişdir.
O, bir sıra nüfuzlu elmi mətbuat səhifələrində çıxışlar etmişdir.
Moskvanın «Nauka» nəşriyyatının buraxdığı «SSRİ-nin təbii şəraitinin fiziologiyası»
(1969) kitabının həmmüəlliflərindəndir. Prof. R.Qafarova 30 ildən artıq ADPU-nun
biologiya, kimya-biologiya fakültəsinin (1967-1997-ci illərdə) dekanı vəzifəsinə
seçilmiş və fakültədə elmi-pedaqoji işlərin səmərəli təşkilinə xüsusi əhəmiyyət
vermişdir. Əməkdar elm xadimi R.Qafarovanın elmi rəhbərliyi və rəsmi opponentliyi
ilə onlarla gənc namizədlik və doktorluq dissertasiyası müdafiə etmişlər.
Prof. T.Qayıbov müsabiqə yolu ilə 1966-cı ildə Bakı Dövlət Universitetinin fiziologiya
kafedrasına müdir vəzifəsinə seçilmişdi. 1967-ci ildə fiziologiya kafedrasına Rza
İbrahim oğlu Səfərov müdir vəzifəsinə seçilmiş və 1993-cü ilədək həmin vəzifədə
işləmişdir. R.Səfərov ali təhsilini Moskvada almış, orada namizədlik dissertasiyası,
1962-ci ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə etmişdi. Sonralar
onun rəhbərliyi ilə 17 nəfər elmlər namizədi, 5 nəfər elmlər doktoru elmi dərəcəsini
almışdır. O, həzm fiziologiya sahəsində keçmiş İttifaqın tədqiqatçılarından biri
olmuşdur.
O, «Analizatorların fiziologiyası» və «Oyanmış toxumanın fiziologiyası» adlı dərs
vəsaitlərini çap etdirmişdir. Həmin dərs vəsaitləri proqram tələblərini ödədiyinə
görə indi də tələbələr tərəfindən istifadə olunur.
1994-cü ildən fiziologiya kafedrasına biologiya elmləri doktoru, prof. Ə.N.Fərəcov
rəhbərlik edir. O, baş beynin limbik sistemi strukturlarında neyromediator təbiətli
birləşmələrin metabolizmini postnatal ontogenezdə və orqanizmin müxtəlif funksional
vəziyyətlərində tədqiq edir. Bu sahədə onun 150-dən artıq elmi əsəri dünyanın müxtəlif
ölkələrinin (Almaniya, İspaniya, Türkiyə, İran. Rusiya və b.) nüfuzlu elmi nəşrlərində
çap olunmuşdur.
Onun rəhbərliyi ilə 3 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Prof. Ə.Fərəcov
hazırda 1 nəfərin doktorluq dissertasiyasına, 5 nəfərin namizədlik dissertasiyasına
rəhbərlik edir. Prof. Ə.Fərəcov 2000-ci ildə XX əsrin görkəmli adamı adına layiq
bilinmiş və Beynəlxalq Biologiya cəmiyyətinin (mərkəzi Kembric Universitetindədir)
qızıl medalını almışdır. O, 30 ilə yaxındır ki, Azərbayjan Milli Elmlər Akademiyasının
Fiziologiya İnstitutunda Dissertasiya Şurasının həmsədri kimi fəaliyyət göstərir.
Prof. Ə.Fərəcov 10 ildən artıqdır ki, biologiya fənni üzrə Respublika münsiflər
heyətinin sədri kimi fəaliyyət göstərir, məktəblilərin beynəlxalq Biologiya olimpiadalarında
koordinator kimi respublikamızı təmsil edir.
Prof. Ə.Fərəcov ali və orta ixtisas məktəbləri üçün bir neçə adda dərslik və dərs
vəsaitinin müəllifidir.
Biologiya elmləri doktoru, prof. M.A.Qarayev 1964-cü ildən kafedrada fəaliyyət göstərir.
Kafedrada tədris olunan fənlərə aid bir neçə proqram tərtib etmiş, 3 adda dərs vəsaitinin,
1 monoqrafiyanın və yüzdən artıq elmi işin müəllifidir.
Kafedrada histologiya, insan və heyvan fiziologiyası, insan anatomiyası, idman fiziologiyası,
yaş fiziologiyası, uşağın anatomiyası və fiziologiyası, biofizika, mərkəzi sinir
sistemi və sensor sistemin fiziologiyası, endokrinologiya və s. fənlər təhsilin
bakalavr və magistratura pillələrində tədris olunur.
Kafedranın əsas elmi istiqaməti orqanizmin fərdi inkişafında neyrohumoral tənzim
mexanizmlərini müxtəlif faktorların təsiri şəraitində öyrənməkdir.
Tədris və elmi-tədqiqat işləri aparmaq üçün kafedra cərrahiyyə otağı, biokimya,
anatomiya, histologiya və fiziologiya laboratoriyaları, ixtisaslaşmış mühazirə otağı
ilə təchiz olunmuşdur.
Kafedrada 14 nəfər: 2 elmlər doktoru, professor (Ə.Fərəcov, M.Qarayev), 8 biologiya
elmləri namizədi, dosent (H.M.Hacıyeva, H.Ə.Xanlarova, T.Ş.Həsənov, L.H.Həsənova,
M.Ə.Orucova, L.H.Ağayeva, N.M.Mehdizadə, V.Ş.Bayramova), 4 baş müəllim və müəllim
(L.A.Məmmədova, N.İ.Qasımova, İ.V.Qafarova, R.X.Köçərli) fəaliyyət göstərir.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|