|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsinin - Azərbaycan
Tarixi Kafedrasının Web
Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən,
Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Tarix Fakültəsi - Azərbaycan Tarixi Kafedrasının Web Səhifəsində
salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Tarix Fakültəsi - Azərbaycan Tarixi Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi
düşündürən məsələləri, sualları history_azerbaijan@aspu.az elektron poçt ünvanı
ilə bizə çatdıra bilərsiniz.
Tarix Fakültəsi - Azərbaycan Tarixi Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan
tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Tarix Fakültəsi - Azərbaycan Tarixi Kafedrasının Müdiri,
professor S.A.Məmmədov
|
|
|
|
|
UNİVERSİTETİN TARİX FAKÜLTƏSİ - Azərbaycan Tarixi Kafedrası
Kafedranın tarixi APİ yarandığı gündən başlayır. Müstəqil tarix fakültəsinin yaradılması
Azərbaycan tarixi kafedrasının fəaliyyətinə təkan vermiş və tarixçi müəllimlərin
yetişməsində, habelə respublikada tarix elminin inkişafında mühüm rol oynamışdır.
1943-cü ilin oktyabrında müvəqqəti fasilədən sonra institutun ADU tərkibindən ayrılıb
fəaliyyətə başladığı zaman kafedra yenidən təşkil edilmişdi. Lakin keçmiş SSRİ-də
milli respublikaların tarixinə laqeyd münasibət göstərildiyinə görə dərs yükləri
tədricən azaldılmış, az sonra kafedra bağlanmışdır.
Yalnız 60-cı illərin sonunda respublikada siyasi rəhbərliyə gələn Heydər Əliyevin
təşəbbüsü və şəxsi köməyi nəticəsində Azərbaycan tarixi kafedrası yenidən yaradılmışdır
(1971).
Kafedrada Azərbaycan tarixi (ümumi kurs), Azərbaycanın arxeologiyası, etnoqrafiyası,
diyarşünaslığı, mənbəşünaslığı, tarixşünaslığı kimi fənlər tədris olunmuşdur. Akademik
N.Marr, V.Bartold, İ.Meşşanninov, A.Samoyloviç, prof. P.Juze, B.Tixomirov, P.Fridolin,
A.Hybşman, V.Xuluflu, akademik İ.A.Hüseynov, Ə.N.Quliyev, prof. Z.İ.İbrahimov, Ə.S.Sumbatzadə,
T.Ə.Bunyadov və b. yüksək ixtisaslı tarix müəllimlərinin hazırlanmasında yaxından
kömək etmişlər. Fakültənin və kafedranın təşkili və inkişafında C.M.İbrahimov, M.X.Vəkilov
və N.A.Paşayevin böyük xidmətləri olmuşdur.
Kafedra yenidən təşkil ediləndə müdir vəzifəsinə əməkdar elm xadimi, professor N.A.Paşayev
(1971-1987) seçilmişdi. O, sovet dövrü Azərbaycan mədəniyyəti tarixinin tədqiqi
ilə məşğul olmuş, «Azərbaycan sosialist mədəniyyətinin inkişafı» (1957), «Zaqafqaziya
respublikalarının elmi-mədəni əlaqələri» (1962), «Sovet Azərbaycanının mədəni quruculuq
tarixinin oçerkləri» (rus dilində, 1965), «N.Nərimanov və Azərbaycan mədəniyyəti»
(1967) və s. əsərləri nəşr edilmişdir.
Son illərdə kafedrada «Azərbaycanın Avropa və Asiya ölkələri ilə qarşılıqlı əlaqələri
tarixi (qədim və orta əsrlər)», «Azərbaycanın XIX-XX əsr tarixinin aktual problemləri»,
«Qafqaz Albaniyasının tarixi problemləri», «Azərbaycanda kapitalizmin inkişafı problemləri
(XIX əsr)», «XX əsrdə Azərbaycanda milli-azadlıq hərəkatı», «Dövlətçilik tarixi
məsələləri», «Azərbaycanın tarixi coğrafiyası», «Azərbaycanın arxeologiyası», «XIX-XX
əsr Azərbaycan tarixi tədrisinin metodologiyası və metodikası problemləri», «Münaqişə
və sülh məsələləri» fənləri tədris olunur. 1989-cu ildən etibarən kafedraya Azərbaycanın
orta əsrlər tarixinin tanınmış tədqiqatçılarından biri, medievist-mənbəşünas alim,
professor S.A.Məmmədov rəhbərlik edir.
O, «XVII əsrin ikinci yarısı-XVIII əsrin birinci 30 illiyində Azərbaycanın sosial-iqtisadi
həyatı və erməni-Azərbaycan münasibətləri» (rus dilində, 1977) adlı əsərində orta
çağlarda Azərbaycanın sosial-iqtisadi həyatı, xalqlar arasında münasibətlər məsələsini
tədqiq etmişdir. S.A.Məmmədovun «Azərbaycan XV-XVIII əsrin birinci yarısında» (1981),
«Azərbaycan XV-XVIII əsrin birinci yarısında mənbələrdə» (rus dilində, 1993) adlı
tədqiqat əsərələri çapdan çıxmışdır.
Müstəqillik illərinin ilk çağlarında ali məktəblərin dərsliyə olan ciddi ehtiyacını
nəzərə alaraq prof. Y.B.Yusifov və b. birlikdə «Azərbaycan tarixi» dərsliyini (XI-XV
fəsillər, XXI fəsli isə prof. M.Ə.İsmayılovayla birlikdə) yazmışdır. Dərslik akad.
Z.Bünyadov və Y.Yusifovun redaktəsi ilə çap olunmuşdur (1994). Az sonra onun «Ermənistan
azərbaycanlılarının tarixi coğrafiyası» (Azərbaycan və rus dillərində-1996, 2000),
«Azərbaycan tarixi» (XIV əsrin sonu, XIX əsrin birinci otuzilliyi) (2002, 2004)
dərsliyi çapdan çıxmışdır. S.A.Məmmədov 200-ə qədər elmi əsərin və dərsliyin müəllifidir.
Onun iki əsəri (1977, 1993) Nyu-york Konqress kitabxanasının kataloquna düşmüşdür.
S.A.Məmmədov ümumtəhsil məktəblərinin VIII-IX sinifləri üçün «Azərbaycan tarixi»
dərsliklərinin (Azərbaycan və rus dillərində) (1995, 1998, 2000, 2001, 2002, 2003,
2004, 2005) müəlliflərindən biridir. Son iki ildə S.A.Məmmədovun «Yeni Türkiyə»
dərgisində «Avropalı səyyahlar Osmanlı İmperatorluğu və Azərbaycan haqqında (XIII-XIV
yüzillər)» (Ankara, 2000), «Qaraqoyunlular və Batı Azərbaycan» (Ankara, 2002), «Tarixdə
erməni terroru» (İstanbul, 2001) «Dədə Qorqud dastanlarının tarixi-coğrafi arealı»
(İstanbul, 2002), «İrəvan xanlığı və İrəvan qalası» (Naxçıvan Ensiklopediyası, Ankara,
2002, 2005) adlı məqalələri çapdan çıxmışdır.
Onun elmi-publisist səpkidə yazdığı «O yerlərdə izim qaldı…» əsərində Ermənistan
azərbaycanlılarının, doğma yurdu Vedibasarın tarixinə nəzər salınır, ermənilərin
bu yerlərə gəlmə, Azərbaycan türklərinin isə hələ eramızdan əvvəl bu ərazidə məskən
salmaları tarixi sənədlərlə sübut edilir. Son zamanlarda onun qiyabiçi tələbələr
üçün yazdığı «Azərbaycan tarixi» (ən qədimdən 2006-cı ilədək) dərsliyi (2006), «Cənubi
Azərbaycanda babilər hərəkatı» (2005), «İrəvan şəhərində etnik proseslər» (2005),
«İrəvan xanlığının tarixi» (şərikli) əsərlərinin çapdan çıxması xüsusi ilə diqqəti
çəkir. O, tariximizi təhrif edənlərə qarşı mübarizdir.
S.A.Məmmədov Türk liseyləri üçün yazılmış «Ortaq türk tarixi» (Ankara, 2002) dərsliyinin
Azərbaycan bölməsinin müəllifi, İngiltərə liseyləri üçün «Qafqaz tarixi» dərsliyinin
(London, 2006, ingilis dilində) müəlliflər qrupunun rəhbəri və müəlliflərindən biridir.
S.A.Məmmədov onlarla əsərin elmi redaktoru, rəyçisi, məsləhətçisi olmuşdur. O, ASE-nin
xüsusi cildinin məsləhətçilərindən biridir. S.A.Məmmədov Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya Komissiyasının, İxtisaslaşdırılmış Dissertasiya
Şurasının üzvü və həmsədri, Təhsil Nazirliyi yanında elmi-metodik Şuranın üzvüdür.
Son 30 ildə kafedranın əməkdaşları Azərbaycan tarixinin müxtəlif dövrlərinin mühüm
problemləri ilə əlaqədar maraqlı və aktual elmi axtarışlar apararaq əldə etdikləri
nəticələri doktorluq və namizədlik dissertasiyalarında ümumiləşdirmişlər. Ə.M.Məmmədov
(2005) doktorluq dissertasiyası müdafiə etmişdir.
XX əsrin 70-90-cı illərində kafedrada tədris-metodik işlərinin hazırlanması və nəşr
olunması sahəsində xeyli iş görülmüşdür. Ali və ümumtəhsil məktəbləri üçün nəşr
olunmuş «Azərbaycan tarixi» dərsliklərinin yazılmasında kafedranın əməkdaşı dos.
R.İ.Əliyev də iştirak etmişdir. O, ümumtəhsil məktəbləri üçün «Azərbaycan tarixi»
(VII sinif, 1994, 2001), «Azərbaycan tarixi» (X sinif, 1996, 2001) dərsliklərinin
müəlliflərindən biridir. Bundan əlavə, o, «Azərbaycan VII-XIV əsrlərdə» (1980),
«Azərbaycan tarixi (kapitalizm dövrü)» (1988), «XIX əsrin 30-50-ci illərində Azərbaycanın
sosial-iqtisadi, siyasi və mədəni inkişafı» (1989) adlı dərs vəsaiti və metodiki
göstərişlər çap etdirmişdir.
Prof. X.S.Köçərlinin «Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, elm və mədəniyyət
sahəsində fəaliyyəti (1918-1920)» (1999), Ə.Ş.Haqverdiyevin «Azərbaycan tarixi (ən
qədim zamanlardan VII əsrə qədər)» (1985), «Orta əsr Bərdə şəhəri» (1991), «Qədim
dünya tarixi» (1997), Ə.M.Məmmədovun «Müstəqil Azərbaycan dövlətinin bərpası və
möhkəmləndirilməsi uğrunda mübarizə» (1999), H.T.Əmirovun «Azərbaycan Respublikasının
müasir iqtisadi-sosial həyatı, ziddiyyətlər, meyllər» («Tarix və onun problemləri»),
(Bakı, 1997), «Azərbaycanın iqtisadiyyatının H.Əliyev mərhələsi» (1998), «Naxçıvan
Muxtar Respublikasının aqrar durumu» (1999), F.H.Cümşüdlünün «Azərbaycan xilafətin
hakimiyyəti altında» (1995), «İlk hərbiyyə məktəbi» (1997), «ADR dövründə Bakının
müdafiəsi» (1999), «Qubalı Fətəli xanın birləşdirmə siyasəti» (2000) adlı əsərləri
nəşr olunmuşdur.
E.Ə.Hacıyevin «Cənubi Azərbaycanda babilər hərəkatı» (2005) adlı dərs vəsaiti, E.K.Süleymanovanın
70-ə qədər elmi məqaləsi çap olunmuşdur: «Azərbaycan xanlıqlarının dövlət quruluşu»
(2002), «Azərbaycan xanlıqlarında məhkəmə və hüquq» (2002), «XVIII əsrin II yarısında
Azərbaycan xanlıqlarında dəniz ticarəti» (1999), «XVIII əsrin II yarısında Azərbaycan
xanlıqlarında ordu quruculuğu» (1998), «XVIII əsrin II yarısında Azərbaycanın siyasi
quruluşu və beynəlxalq münasibətlərdə rolu» (2006), «Azərbaycan xanlıqlarının inzibati
quruluşu və idarəçiliyi» (2006), «Azərbaycan diplomatiyasının tarixi» (2006), «Azərbaycan
dövlətçiliyinin tarixi» (2006) və s.
Hazırda kafedrada 19 nəfər (2 nəfər elmlər doktoru, professor, 7 elmlər namizədi,
dosent və 7 baş müəllim, 3 müəllim) çalışır. Professorlar: S.A.Məmmədov (kafedra
müdiri), X.S.Köçərli, dosentlər: R.İ.Əliyev, G.N.Qayıbova, Ə.M.Məmmədov, Ə.Ş.Mənsimov,
F.H.Cümşüdlü, S.Ş.Hacıbabayev, Z.H.Kərimov, baş müəllimlər: N.N.Əsədov, E.M.Mirzəyev,
B.Ş.Quliyev, A.H.Abdullayev, E.Ə.Hacıyev, E.K.Süleymanova, İ.İ.Qasımova, müəllimlər:
V.R.Məmmədov, H.İ.Həsənov, N.Ə.Əhmədova səmərəli elmi-pedaqoji fəaliyyət göstərir,
Azərbaycan tarixinin aktual məsələləri ilə bağlı tədqiqat işləri aparırlar.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|