Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksTarix >> Ümumi Tarix Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN TARİX FAKÜLTƏSİ - Ümumi Tarix Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsinin - Ümumi Tarix Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsi - Ümumi Tarix Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Tarix Fakültəsi - Ümumi Tarix Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları history_general@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Tarix Fakültəsi - Ümumi Tarix Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Tarix Fakültəsi - Ümumi Tarix Kafedrasının Müdiri,
Azərbaycan MEA-nın müxbir üzvü, prof. V.H.Əliyev
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN TARİX FAKÜLTƏSİ - Ümumi Tarix Kafedrası 
Ümumi tarix kafedrası 1934-cü ildə «Qərb tarixi» (müdiri prof.P.P.Fridolin olmuşdur) və «Yaxın Şərq tarixi» (müdiri prof. A.S.Bukşpan olmuşdur) kafedralarının bazası əsasında təşkil olunmuşdur.
1937/38-ci tədris ilində kafedraya dos.Əşrəf Quliyev, sonra isə Kərəm Əbdürrəhmanov rəhbərlik etmişdir. 1939/1941 və 1945-1953-cü illərdə «Qədim və orta əsrlər tarixi» adlandırılan bu kafedra dos. Ə.S.Sumbatzadənin rəhbərliyi ilə fəaliyyət göstərmişdir.
Sonrakı illərdə kafedraya dos. M.N.Şıxlı (1959-1971) və prof. Y.B.Yusifov (1971-1998) rəhbərlik etmişdir. 1998-ci ildən etibarən kafedraya Azərbaycan arxeologiya elminin inkişaf etdirilməsində böyük xidmətləri olan, Azərbaycan MEA-nın müxbir üzvü, prof. V.H.Əliyev rəhbərlik edir.
Prof. Y.B.Yusifovun Qədim Şərq tarixinin tanınmış tədqiqatçıları arasında özünəməxsus yeri vardır. Sankt-Peterburq (Leninqrad) Dövlət Universitetinin Şərq fakültəsini bitirmiş və orada görkəmli tarixçi-alim, poliqlot, akademik İ.M.Dyakovanın elmi rəhbərliyi ilə aspiranturanı müvəffəqiyyətlə bitirmişdir. Bu dövrdə qədim (şumer, akkad, Elam, Urartu, fars, pəhləvi) və müasir fars dilini öyrənmişdir. O, həmçinin alman, ingilis, rus, ərəb, tacik, əfqan, kürd və Dağıstan xalqlarının dillərini öyrənməklə də məşğul olmuşdur. Y.B.Yusifovun «Qədim Şərq tarixi» (1993), «Toponimikanın əsasları» (1987, şərikli) dərslikləri yüksək elmi səviyyədə və ilk mənbələr əsasında yazıldığından tədrisin müasir tələblərinə tam cavab verir.
Prof. Y.B.Yusifov mixi yazılı qaynaqları və qədim Bizans mənbələrini araşdıraraq, qədim Azərbaycan, İran, Urartu və Mesopotamiyanın şimal əraziləri ilə bağlı bir sıra türk mənşəli tayfaların, ölkə, yer və hökmdarların adlarını müəyyənləşdirmişdir. O, türk etnoslarının ta qədimdən bu geniş ərazilərdə yaşadıqlarını elmi dəlillərlə əsaslandırmışdır.
Avropa irqinə mənsub olan prototürklər prof. Y.B.Yusifovun fikrincə, müxtəlif istiqamətlərdə, o cümlədən Şərq istiqamətində yayılmış və Altay onların ikinci vətəni olmuşdur. Prototürklər yerli Altay dilləri ilə ünsiyyətə girmiş və nəticədə burada monqol irqinə mənsub türk etnosları yaranmışdır.
Prof. V.H.Əliyev Azərbaycanın ən qədim mədəniyyət ocağı olan Naxçıvan Muxtar Respublikasında bu qədim diyarın tarixinin, maddi və mənəvi mədəniyyətinin geniş, hərtərəfli tədqiqinin elmi əsaslarını yaratmışdır. O, həmçinin Abşeron, Ağsu, Astara, Lerik, Qazax, Xaçbulaq, Füzuli, Şəki-Balakən və digər bölgələrin tarixi abidələrinin öyrənilməsi sahəsində çox dəyərli elmi tədqiqat işləri aparmışdır.
Prof. V.H.Əliyev Azərbaycanın eramızdan əvvəl VII-V minillikləri əhatə edən neolit və eneolit mədəniyyətləri, e.ə. IV-III minillikləri əhatə edən ilk tunc dövrü – Kür-Araz mədəniyyəti, e.ə. II-I minilliklərə aid ilkin şəhər mədəniyyəti, Orta mum dövrü – Boyalı qablar mədəniyyəti, Cənubi Azərbaycanın tunc dövrü mədəniyyəti, Azərbaycanda qədim tayfa ittifaqlarının yaranması və təkamülü, piktoqrafik yazı mədəniyyəti, qayaüstü təsvirləri və s. mühüm problem məsələlər üzərində geniş elmi-tədqiqat işləri aparmaqdadır.
O, Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası ərazisində qədim şəhər mədəniyyəti abidələrini aşkara çıxarmış, qədim Azərbaycanın Mesopotamiya ilə eyni dövrdə ilkin sivilizasiya ocaqlarından biri olduğunu sübut etmişdir. Onun tədqiqatları Azərbaycanda ilk dövlət qurumlarının e.ə.IV-II minilliklərdə yarandığını söyləməyə imkan verir.
Prof. V.H.Əliyevin fikrincə, Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ilk sakinləri, insan nəsilləri türk soy köklü etnoslar olmuşlar.
Azərbaycan xalqının etnogenezini məhz türkdilli etnoslar təşkil etmişdir.
Prof. V.H.Əliyev 50 ilə yaxın Naxçıvan MR ərazisində arxeoloji tədqiqatlar apararaq 500-dən artıq tarixi abidələr aşkara çıxarıb elm aləminə tanıtmışdır. Onun Naxçıvan tarixi abidələrinin tədqiqatları əsasında əldə etdiyi nəticələr təkcə Azərbaycanın deyil, eləcə də Qafqaz və Yaxın Şərq ölkələrinin qədim tarixinin bir sıra mühüm problem məsələlərinin öyrənilməsi istiqamətində çox böyük elmi əhəmiyyətə malikdir.
Prof.V.N.Əliyevin «Azərbaycanın tunc dövrü, boyalı qablar mədəniyyəti» (Bakı, 1977), «Qədim Naxçıvan» (Bakı, 1979), «Azərbaycanın orta tunc dövrü mədəniyyəti» (Bakı, 1991), «Naxçıvan» (Bakı, 2001), «Gəmiqaya» (Bakı, 2005) və digər monoqrafik əsərləri Azərbaycan tarixişünaslığında xüsusi yer tutur.
«Naxçıvan» monoqrafik əsərində Naxçıvan diyarının tarixi ən qədim dövrlərdən bu günə qədər öz əksini tapmışdır. Tədqiqatlarından Azərbaycan Milli Elmlər Akademiyasının nəşrə hazırladığı «Azərbaycan tarixi» (7 cildlik), «Azərbaycan arxeologiyası» (6 cildlik), «Azərbaycan incəsənəti», «Naxçıvan folklor antalogiyası» və b. əsərlərin yazılmasında istifadə olunmuşdur. Onun əsərləri bir sıra xarici ölkələrdə – Fransada, Pakistanda, Rusiyada, Ukraynada, Gürcüstanda, Özbəkistanda nəşr edilmişdir.
Prof. V.H.Əliyev «Azərbaycan tarixi» və «Qədim dünya tarixi» (6-cı siniflər üçün, Azərbaycan və rus dillərində, 2001) dərsliklərinin əsas müəllifi və elmi redaktorudur. Prof. V.H.Əliyevin Azərbaycan tarixi və mədəniyyətinin beynəlxalq miqyasda təbliği sahəsində xüsusi xidməti vardır. O, YUNESKO xətti ilə 1993-cü ildə Pakistanda keçirilən Beynəlxalq elmi simpoziumda, 1994-1997-ci illərdə Azərbaycan Tarixi Tədqiqatçılarının Müstəqil Assosiasiyasının Yunikol Xəzər LTD (ABŞ) və Azərbaycan Respublikası MEA-nın birgə Beynəlxalq Bakı simpoziumunda, «Qafqaz və Mərkəzi Asiya Beynəlxalq Araşdırmalar İnstitutu, Azərbaycan Tarixi Departamenti»nin konfransında, Naxçıvan şəhərində «Uluslararası qaynaqlarda Naxçıvan» Beynəlxalq simpoziumunda, Tiflis şəhərində (1997-ci ildə) «Qafqaz arxeologiyası: yeni kəşflər və perspektivlər»inə həsr olunmuş Beynəlxalq konfransda, Ankarada ildə keçirilmiş Beynəlxalq simpoziumda (2001) və Türkiyənin Van şəhərində keçirilmiş (2004) Beynəlxalq konfranslarda Azərbaycanın ilkin şəhər mədəniyyəti və qədim mədəni-iqtisadi əlaqələri ilə bağlı elmi məruzələrlə çıxış etmişdir.
Prof. V.H.Əliyev «Pakistan və Mərkəzi Asiya Elmi Assosiasiyası»nın və «Azərbaycanşünaslar Müstəqil Birliyi Şurası»nın üzvüdür. Kafedranın professoru M.S.Həsənovun «SSRİ – Qərb və Avropa təhlükəsizliyi» mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında (1992), «Almaniya məsələsinin həlli və Avropa təhlükəsizliyi», «Avropa təhlükəsizliyi problemi» (2000) monoqrafiyalarında, «Almaniya və Avstriyada 1848-ci il inqilabları» (1993) adlı metodik vəsaitində bu gün bütün dünyanı narahat edən ciddi siyasi və diplomatik məsələlər şərh edilir.
Hazırda kafedrada 12 nəfər (2 elmlər doktoru, professor, 5 elmlər namizədi, dosent, 2 elmlər namizədi, baş müəllim, 1 dosent, 1 baş müəllim, 1 müəllim) – professorlar: V.H.Əliyev (kafedra müdiri), M.S.Həsənov, dosentlər: A.M.Nəbiyev, İ.Ə.Məmmədov, Ş.S.Nuruzadə, S.M.Mustafayeva, N.S.Hacınskaya, B.A.Bəxtiyarov, t.e.n. baş müəllimlər: A.Mehdiyeva, Ə.X.Əhmədov, baş mülləim N.S.Hüseynova və müəllim Y.P.Rüstəmzadə çalışırlar.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  TARİX FAKÜLTƏSİ - Ümumi Tarix Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksTarix >> Ümumi Tarix Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center