Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksTarix >> Ümumi Pedaqogika Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN TARİX FAKÜLTƏSİ - Ümumi Pedaqogika Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsinin - Ümumi Pedaqogika Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsi - Ümumi Pedaqogika Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Tarix Fakültəsi - Ümumi Pedaqogika Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları history_pedagogy@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Tarix Fakültəsi - Ümumi Pedaqogika Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

Tarix Fakültəsi - Ümumi Pedaqogika Kafedrasının Müdiri,
professor H.M.Əhmədov
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN TARİX FAKÜLTƏSİ - Ümumi Pedaqogika Kafedrası 
İnstitut fəaliyyətə başladığı ilk gündən burada pedaqogika və pedaqogika tarixi fənləri tədris olunmuşdur.
Pedaqogika kafedrası müstəqil kafedra kimi 1930-cu ildə – Azərbaycan Dövlət Pedaqoji İnstitutu yenidən təşkil edilərkən yaradılmışdı.
Müstəqil fəaliyyətə başladığı ilk gündən geniş və hərtərəfli işi ilə fərqlənən kafedraya ilk vaxtlar dos. M.Rəhimli (1931-1937), sonralar dos.N.Asatur (1937-1942), prof. Ə.Seyidov (1943-1950 və 1956-1974), prof. M.Muradxanov (1951-1956), prof. M.Mehdizadə (1950-1951), 1974-1977-ci illərdə isə professorlar B.Əhmədov, N.Kazımov, S.Şəfiyev rəhbərlik etmişlər. Kafedraya 1978-ci ildən SSRİ PEA-nın müxbir üzvü, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Təhsil Akademiyasının akademiki, əməkdar ali məktəb işçisi, pedaqoji elmlər doktoru, professor H.M.Əhmədov rəhbərlik edir.
XX əsrin 30-cu illərinin əvvəllərində 1 professor (B.B.Komarovski), 3 dosent (Ə.Hacıyev, M.Rəhimli, Ə.K.Zəkuzadə), 7 assistent (M.Mehdizadə, Ə.Əfəndiyev, İ.Əfəndiyev, Q.Əsgərov, Ə.Seyidov, R.Əfəndiyev, G.Qədimbəyova), 1 laborantla (M.Tahirli) fəaliyyətə başlayan pedaqogika kafedrası ildən-ilə inkişaf etmiş, respublikada pedaqoji biliyin mərkəzinə çevrilmişdir. İldən-ilə kafedra əməkdaşlarının və elmi dərəcəlilərin sayı artmış, tərkibi kəmiyyətcə və keyfiyyətcə yüksəlmişdir. Həmin illərdə pedaqogika kafedrasının elmi fəaliyyətinin əsas istiqamətlərindən biri namizədlik və doktorluq dissertasiyaları hazırlamaqdan ibarət olmuşdur. Bu istiqamətdə aparılan işlər ali məktəblər üçün yüksək ixtisaslı müəllimlərin və tədqiqatçı alimlərin hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edirdi. İlk milli pedaqoji elmlər doktorlarının (Ə.Seyidov, M.Mehdizadə) meydana gəlməsi respublikada pedaqoji elmlərin inkişafında mühüm bir hadisə oldu. Ə.Seyidov «XIX əsr Azərbaycan pedaqoji fikrinin əsas nümayəndələri» (1947), M.Mehdizadə isə «Azərbaycan sovet məktəbinin tarixinə dair xülasələr» (1957) mövzusunda doktorluq dissertasiyaları müdafiə etdilər.
Pedaqogika kafedrası 50-ci illərdə elmi-pedaqoji kadr hazırlığı sahəsində əməli fəaliyyətini həm kəmiyyət, həm də keyfiyyətcə genişləndirərək möhkəmləndirmişdir. Artıq kafedrada 3 elmlər doktoru, professor (Ə.Y.Seyidov, M.M.Mehdizadə, Ə.K.Zəkuzadə), 6 elmlər namizədi, dosent (M.Ə.Muradxanov, T.Y.Əfəndiyev. D.M.Mustafayeva, Ş.S.Ağayev, İ.İ.Vəlixanlı, A.K.Abdullayeva), 3 elmlər namizədi, baş müəllim (Ə.S.Tağıyev, Q.K.Qasımzadə, S.M.Babayeva) çalışırdılar. Bu dövrdə kafedrada yetişən gənc kadrlar: Ə.S.Tağıyev, D.M.Mustafayeva, A.N.Kərimov, T.Y.Əfəndiyev, İ.İ.Vəlixanlı, B.Ə.Axundov, N.M.Kazımov, H.M.Əhmədov, M.Ə.Məmmədov, Q.M.Məmmədov pedaqogikanın aktual nəzəri məsələləri ilə əlaqədar namizədlik dissertasiyası müdafiə etdilər.
Ümumi pedaqogika kafedrasının elmi həyatında 70-ci illər doktorluq dissertasiyalarının müdafiəsi ilə səciyyəvidir. H.M.Əhmədovun «XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi» (1972), A.N.Kərimovun «Azərbaycanda əməyin və politexnizmin tarixinə dair oçerklər» (1973), Y.R.Talıbovun «Şagirdlərin sosialist beynəlmiləlçiliyi tərbiyəsinin nəzəriyyəsi və təcrübəsi» (1975) adlı doktorluq dissertasiyaları həmin dövrün başlıca elmi uğurları idi.
Pedaqoji elmlər üzrə ixtisaslaşdırılmış Müdafiə Şurasında 1988-90-cı illərdə müdafiə olunan 92 dissertasiyadan 55-i pedaqogikanın nəzəriyyəsi və tarixinə aid idi. Bunların hamısı ümumi pedaqogika kafedrasında aspirantura və dissertantura hazırlığı keçən V.A.Zərbəliyev, B.Nəsirov, Z.C.Vəlibəyova, S.M.Qurbanova, M.İ.İlyasov, X.Ə.Mehdizadə, H.B.Bayramov, S.A.Orucova, F.A.Rüstəmov, Ş.V.Zülfüqarova, N.P.Ağabəyova, 70-80-cı illərdə namizədlik dissertasiyası müdafiə etmişlər. Dos. S.M.Quliyev isə doktorluq dissertasiyası müdafiə etmişdir.
Kafedra əməkdaşları pedaqogika üzrə dərslik və dərs vəsaitlərinin hazırlanmasında yaxından iştirak etməklə respublikada ali pedaqoji məktəb tələbələrinin bu sahədəki tələbatını ödəməyə çalışırlar. Prof. H.M.Əhmədovun «XIX əsr Azərbaycan məktəbi» (1978, 2000) «Pedaqogika tarixi kursundan mühazirələr» (1987) və «Azərbaycanda məktəb və pedaqoji fikir tarixi» (rus və Azərbaycan dillərində, 1991, 1993, 1995), «İdarəetmənin pedaqogikası və psixologiyası» (şərikli), dos. İ.Musayevin «Pedaqogikanın ümumi əsasları» (1992), «Şagird şəxsiyyətinin hərtərəfli inkişafına fiziki tərbiyə prosesinin təsiri» (1993), dos. B.Abdullayevin «Didaktika» (1997), İ.İsayevin «Pedaqogika» (1993, şərikli), «Abbas Səhhət və xalq maarifi» (2002), prof. Ə.Paşayevin «XIX əsr - XX əsrin əvvəllərində Qafqazda ibtidai təhsilin inkişafının tarixi oçerkləri» (1991), «Gürcüstanda Azərbaycan məktəblərinin tarixi oçerkləri» (1997), «Pedaqogika. Yeni kürs» (dos. F.Rüstəmovla birgə, 2002), prof. F.Rüstəmovun «Azərbaycanda pedaqoji elmin inkişaf tarixindən» (1992), «Günüuzadılmış qruplarda tərbiyə məsələləri» (prof. A.İsmayılovla birgə, 1993), «M.V.Vidadinin, M.P.Vaqifin, Q.B.Zakirin təlim-tərbiyə haqqında fikirləri» (dos. İ.İsayevlə birgə, 1994), «Azərbacyan pedaqoji biblioqrafiyası: məktəb və pedaqogika tarixinə dair ədəbiyyat» (1995), «Azərbaycanda pedaqoji terminalogiyanın inkişaf tarixindən» (1997), «Azərbaycanda pedaqoji elm: təşəkkülü, inkişafı və problemləri» (1998), «Pedaqogika kafedrasının tarixi: xələflər və sələflər» (1999), «Şərqdə pedaqogika tarixi» (2002), «Pedaqogika». Yeni kurs. (prof. Ə.Paşayevlə birgə, 2002), «Qərb pedaqogika tarixi» (2003), «Yeni dövrün pedaqogika tarixi» (2004), «Ən yeni dövrün pedaqogika tarixi» (2005), «Pedaqogika tarixi» (2006), «Akademik H.Əhmədov və yetirmələri» (2005), dos. M.Həsənovun «Dərsdə texniki vəsaitlərin tətbiqi» (1992), «İbtidai məktəbdə təlimin texniki vasitələrinin tətbiqinin didaktik əsasları» (1993), dos. Ş.Azadəliyevanın «Təlimdə geridə qalan ibtidai sinif şagirdləri ilə işin sistemi» (1996), M.İlyasovun «Məktəbdə peşəyönümü işinin sistemi» (1999), «Şagirdlərin peşəseçməyə hazırlanmasının pedaqoji əsasları» (2005), dos. K.Quliyevanın «Yuxarı sinif şagirdlərinin müəllimlik peşəsinə istiqamətləndirilməsi» (2003) dərs vəsaitləri məhz bu illərin məhsuludur.
Ümumi pedaqogika kafedrası xətti ilə elmə gələn tədqiqatçılara professorlar Ə.Y.Seyidov və H.M.Əhmədov rəhbərlik etmişlər. Kafedra əməkdaşları universitetin ictimai həyatında yaxından iştirak etmiş, müxtəlif vəzifə daşımışlar. Pedaqogika kafedrasının yetirməsi akademik M.M.Mehdizadə 23 il Azərbaycan maarifinə rəhbərlik etmişdir. T.Əfəndiyev, Ə.Tağıyev, S.Axundov institutda partiya komitəsinin katibi, H.Əhmədov komsomol komitəsinin katibi, (o həm də ixtisaslaşdırma fakültəsinin dekanı olmuşdur), Ə.Əhmədov, H.Abdullayev həmkarlar komitəsinin sədri, A.İsmayılov ictimai peşələr fakültəsinin dekanı, N.Kazımov elmi işlər üzrə prorektor, B.Bəşirov tərbiyə işləri üzrə prorektor, İ.İsayev, T.Məmmədov dekan, M.Həsənov, M.İlyasov, V.Zərbəliyev dekan müavinləri işləmişlər. H.Bayramov ABU-nun prorektorudur. F.Rüstəmov «Dədə Qorqud» elmi mərkəzinin «Pedaqogika-psixologiya-fəlsəfə» şöbəsinə rəhbərlik edir.
Elmi-pedaqoji sahədəki nailiyyətlərinə görə kafedranın professorları Ə.Seyidov, M.Mehdizadə, M.Muradxanov əməkdar elm xadimi, prof. H.Əhmədov əməkdar ali məktəbə işçisi fəxri adlarına layiq görülmüşlər. Prof. H.Əhmədov həm də Y.A.Komenski adına qızıl medalla təltif edilmişdir.
Kafedranın professoru F. Rüstəmov 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü seçilmiş, «Akademik M.Mehdizadə» və «Gənc alimlər mükafatı laureatı» adına layiq görülmüşdür. Onun indiyə kimi 25 monoqrafiya, kitab və kitabçası, 250-dən artıq elmi məqaləsi nəşr edilmişdir. O, 2003-cü ildə «Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Ümumi pedaqogika kafedrası respublikada yüksək səviyyəli elmi-praktik konfransların hazırlanması və keçirilməsində də böyük təcrübəyə malikdir. Prof. H.M.Əhmədovun təşəbbüsü ilə keçirilən «Qori seminariyasının Azərbaycan şöbəsinin 100 illiyi» (1979), «Pedaqogika tarixi kursunun tədrisinin təkmilləşdirilməsi və respublikada tarixi-pedaqoji tədqiqatların təşkili» (1984), «Nəriman Nərimanovun anadan olmasının 120 illiyi» (1990), «Y.A.Komenskinin anadan olmasının 400 illiyi» (1992), «Ə.Seyidovun anadan olmasının 100 illiyi» (1992), «Etnopsixologiya və etnopedaqogika: mənbələr və müasir problemlər» (1992), «Pedaqoji peşəyönümünün aktual problemləri» (1993), «Rəcəb Əfəndiyevin anadan olmasının 100 illiyi» (1994) mövzularında keçirilən konfranslar tarixi-pedaqoji irsin təbliğində mühüm rol oynamaqla yanaşı, həm də pedaqogika elminin inkişafını təmin edən vasitələrdən birinə çevrilmişdir.
Ayrı-ayrı vaxtlarda prof. H.Əhmədov, prof. Ə.Paşayev, prof. F.Rüstəmov, dos. H.Cəfərov, dos. İ.İlyasov, dos. H.Bayramov, dos. S.Qurbanova pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə İxtisaslaşdırılmış Müdafiə Şuralarının üzvü olmuşlar. Hazırda prof. Ə.Paşayev və prof. F.Rüstəmov Təhsil Problemləri İnstitutunda fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə Dissertasiya Şurasının üzvüdürlər. Prof. F.Rüstəmov təhsil nazirinin əmri ilə ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün «Həyat bilgisi» kurrikulumunu hazırlayan işçi qrupunun sədridir.
Kafedra əməkdaşları Pedaqoji Universitetdə pedaqogika fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə, onun elmi-nəzəri səviyyəsinin və praktik istiqamətinin güclənməsinə, təlimin yeni metodlarının tətbiqinə çalışırlar. Açıq dərslərin təşkili, mühazirə mətnlərinin, dərslik və dərs vəsaitlərinin müzakirəsi, qarşılıqlı dərs dinləmə, elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi və digər təşkilati işlərin yüksək səviyyədə aparılmasında kafedra müdiri, akademik H.M.Əhmədovun xidmətləri böyükdür.
Hazırda kafedrada 3 nəfər müxtəlif akademiyaların həqiqi üzvləri, professorlar (kafedra müdiri H.M.Əhmədov, Ə.X.Paşayev, F.A.Rüstəmov), 10 nəfər elmlər namizədi, dos. İ.V.Musayev, M.B.Həsənov, İ.N.İsayev, H.B.Bayramov, M.İ.İlyasov, H.A.Cəfərov, Z.C.Vəlibəyova, S.M.Qurbanova, Ş.M.Azadəliyeva, K.R.Quliyeva, S.A.Orucova), 2 nəfər elmlər namizədi (N.P.Ağabəyova, Ş.H.Bədəlova), 2 nəfər baş müəllim (R.N.Vəkilova, O.M.Mürsəlova), 2 nəfər elmlər namizədi, müəllim (Ş.V.Zülfüqarova, Ə.İ.Verdiyeva) və 4 nəfər müəllim (Z.S.Qədirova, G.M.Qocayeva, P.Balayeva, S.Kərimova) çalışırlar.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  TARİX FAKÜLTƏSİ - Ümumi Pedaqogika Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksTarix >> Ümumi Pedaqogika Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center