|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika
Fakültəsinin - Mexanika və molekulyar fizika Kafedrasının Web
Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika Fakültəsi
- Mexanika və molekulyar fizika Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!"
deyirəm.
Fizika Fakültəsi - Mexanika və molekulyar fizika Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir.
Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları physics_mechanics@aspu.az
elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
Fizika Fakültəsi - Mexanika və molekulyar fizika Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji
təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası
üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Fizika Fakültəsi - Mexanika və molekulyar fizika Kafedrasının Müdiri,
dosent Ə.Əhmədov
|
|
|
|
|
UNİVERSİTETİN FİZİKA FAKÜLTƏSİ - Mexanika və molekulyar fizika Kafedrası
Kafedra ümumi fizika adı ilə institut yarandığı ilk gündən fəaliyyətə
başlamışdır.
Fizika kafedrasının ilk müdiri dos. R.Məlikov olmuş, 1921-ci ildən etibarən 15 il
fizika kafedrasına rəhbərlik etmişdir. Bu müddətdə R.Məlikov fizika sahəsində ali
məktəb tələbələri üçün Azərbaycan dilində dərs kitablarının hazırlanmasında böyük
xidmətlər göstərmişdir.
Fizika kafedrasında rus alimlərindən prof.Y.B.Lopuxin, prof. V.İ.Tixamirov və dos.A.Q.Alfimov
fəaliyyət göstərmişlər. Bu alimlərin köməyi ilə kafedranın tədris və elmi – tədqiqat
işləri tədricən istənilən səviyyəyə çatdırılmışdır.
Dos. R. Məlikovun vəfatından sonra fizika kafedrasına prof. Abbasqulu Abbaszadə
(1938-1969-cu illər) rəhbərlik etmişdir. 30 ildən artıq müddət ərzində prof. A.Abbaszadənin
rəhbərliyi ilə fizika kafedrasında 2 istiqamətdə:
1) Fizikanın tədrisi metodikası;
2) Maddələrin istilik-fiziki xassələrinin tədqiqi sahəsində xeyli iş görülmüşdür.
Bu işlərin nəticəsində 40 nəfərə yaxın tədqiqatçı elmlər namizədi alimlik dərəcəsi
almışdır.
Prof. A.Abbaszadə 20 ildən artıq fizika fakültəsinin dekanı işləmişdir. İşlədiyi
dövrdə o, Azərbaycan məktəbləri üçün yüksək ixtisaslı müəllim kadrlarının hazırlanmasına
çox böyük zəhmət sərf etmişdir. O bu gün də elmi əhəmiyyətini itirməyən «İstilikkeçirmə»,
«Termodinamika» və «Molekulyar fizika» kitablarının müəllifidir. Hazırda fizika
fakültəsində fəaliyyət göstərən 4 kafedra R.Məlikov və A.Abbaszadənin yaratdıqları
fizika kafedrasının bazası əsasında formalaşmışdır.
A.Abbaszadənin vəfatından sonra kafedraya dos. A.Ə.Qılmanov, prof. Ə.M.Kərimov,
prof. Ə.İ.Rüstəmov və prof. A.B.Bəşirov rəhbərlik etmişlər. 1998-ci ildən kafedraya
dos. Ə.H.Əhmədov rəhbərlik edir.
Kafedra əməkdaşları mövcud ənənələri davam etdirir, tədris və elmi-tədqiqat işlərinin
yüksək səviyyədə yerinə yetirilməsinə səy göstərirlər.
Hal-hazırda kafedranın nəzdində mexanika, molekulyar fizika və xüsusi praktikum;
mayelərin termodinamik parametrlərinin tədqiqi, maddənin istilik-fiziki xassəsinin
tədqiqi; bərk cisimlər fizikası laboratoriyaları fəaliyyət göstərir.
Kafedra əməkdaşlarının xeyli sayda elmi və elmi-metodik məqalələri xarici ölkə və
respublika mətbuatında dərc olunmuşdur. Son 4-5 ildə xeyli sayda dərslik və dərs
vəsaiti çap olunaraq tələbələrin istifadəsinə verilmişdir. Prof. E. Eyvazovun «Bərk
cisimlər fizikası», «Bərk cisimlər fizikasının məsələlərlə şərhi» (Y. Abbasov və
V. Nəsirovla birlikdə), «Statik paylanmalar» (Ü. Paşabəyova və İ.Əliyevlə birlikdə),
prof. K. Hüseynovun «Mexanika», dos. Y.Abbasovun «Ümumi fizika kursu», «Ümumi fizika
praktikumu» adlı dərslik və dərs vəsaitləri tələbələrin istifadə etdikləri dəyərli
mənbələrdir.
Hazırda kafedranın 11 nəfər: 2 elmlər doktoru, professor (E.Eyvazov, K.Hüseynov);
6 nəfər elmlər namizədi dosent (Y.Abbasov, Ə.Əhmədov (kafedra müdiri), A.Qılmanov,
Ş.Xəlilov, E.Məmmədov, A.Allahverdiyev); 3 nəfər f.r.e.n. müəllim (N.Niftiyev, S.Qurbanov,
V.Hüseynov) çalışır.
Yaradıcı Kollektiv
|
|
|
|
|
|
|
|
|